UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları start götürüb. İlk görüşlərdən birində milli komandamızın üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" Zaqreblə "Çelsi" kollektivləri üz-üzə gəlib. Gözlənilənin əksinə qarşılaşmaya meydan sahibi - "Dinamo" futbolçuları daha yaxşı başlayıblar. "Zadəganlar"ın qapısı önünə ardıcıl hücumlar 13-cü dəqiqədə nəticə verib. Bruno Petkoviçin ötürməsindən sonra Mislav Orşiç topu qapıya vurub. Qalan vaxt ərzində əsasən "Çelsi" futbolçuları bərabərlik yaratmağa çalışsalar da səyləri nəticə verməyib: "Dinamo" Zaqreb - "Çelsi" 1:0.

G qrupunda “Borussiya” Dortmund doğma meydanda “Kopenhagen”lə görüşüb. İlk hissədə meydan sahibləri rəqib qapısından 2 cavabsız top keçiriblər. 35-ci dəqiqədə Marko Roys hesabı açıb. Çox keçmədən Rafael Gerreyro fərqi artırıb. Fasilədən sonra Dortmund futbolçuları daha bir qol vurublar. 83-cü dəqiqədə Cud Bellingem mübarizəyə nöqtə qoyub. “Borussiya” Dortmund – “Kopenhagen” 3:0.

H qrupunda “Benfika” İsrail təmsilçisi “Makkabi” Hayfaya şans verməyib. Portuqaliya təmsilçisi 4 dəqiqə ərzində 2 qol vuraraq qələbə qazanıb. 50-ci dəqiqədə Rafa Silva dəqiq zərbə ilə hesabı açıb. Az sonra isə Alexandro Qrimaldo komandasının üstünlüyünü bir qədər də artırıb. “Benfika” – “Makkabi” Hayfa 2:0.

F qrupunda çıxış edən “Real” Madrid Şotlandiyaya yollanıb. Burada “kral klubu” “Seltik”lə üz-üzə gəlib. İlk hissədə əsasən meydan sahibləri sürətli oyun ilə yadda qalıblar. Bir neçə epizodda “Real”ın qapısı önündə təhlükəli vəziyyətlər yaradan Şotlandiya təmsilçisi istəyinə nail ola bilməyib. Fasilədən sonra təşəbbüsü ələ alan Karlo Ançelottinin komandası hesabda irəli çıxıb. Qapıçı ilə üz-üzə çıxan Vinisius Junior çərçivəni dəqiq nişan alıb. Saatın tamamında Luka Modriç üstünlüyü artırıb. 2:0. 77-ci dəqiqədə Eden Azar mübarizəyə nöqtə qoyub: “Seltik” – “Real” 0:3.